http://baku-mskf.az

Ana səhifə Elektron Kataloq Elektron Kitabxana Milli Kitabxanadan virtual xidmət  
 

 

 KİTABXANA HAQQINDA MƏLUMAT

M.Qorki adına MSKF 1924-cü ildə Bakı xalq təhsili şöbəsinin nəzdində 1920-ci ildə təsis edilmiş Kitabxana kollektorunun əsasında yaradılmışdir. 1924-cü ildə səyyar kitabxana və qiraətxanalarda olan kitabların miqdarı 305894 nüsxə olmuşdur ki, bunlardan 12710 nüsxəsi azərbaycan dilində idi.

 

 30-cu illərin ortalarında o özünün hazırki statusunu almış və geniş fəaliyyətə başlamışdır. Həmin illərdə respublikamızda bir cox sənaye və tikinti müəssisələri yaranırdı. Bu zaman kitabxana xidmətini istehsalata daha da yaxınlaşdırmaq, fəhlə və qulluqçulara onların bilavasitə işlədikləri yerlərdə kitabla xidmət etmək zərurəti meydana çıxdı. Bu çətin, lakin nəcib işin təşkili Mərkəzi Səyyar Kitabxana Fonduna tapşırıldı. MSKF bu mühüm vəzifəni müvəffəqiyyətlə həyata keçirdi.

 

1936- cı ildə MSKF – yə rus yazıçısı Maksim Qorkinin adı verilmişdir.

 

1941-1945-ci illərdə Bakı Siyasi Maarif İdarəsinin M.Qorki adına MSKF yanında hərbi xəstəxanalara xidmət etmək məqsədilə xüsusi kitab fondu yaradılır. Bu fonda Bakının müxtəlif kitabxanalarından və başqa təşkilatlardan kitablar  göndərilirdi ki, bu ədəbiyyat hesabına da hərbi xəstəxanalarda və hərbi hissələrdə səyyar kitabxanalar təşkil olunurdu. Belə səyyar kitabxanalarin yanında bir qayda olaraq  qiraətxanalar da fəaliyyət göstərirdi. Səyyar kitabxananın işçiləri döyüşçülərə hərbi xəstəxanaların klublarında və bilavasitə onların yatdıqları palatalarda ədəbiyyat paylayırdılar. Bu dövrdə M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu vasitəsilə hərbi xəstəxanalarda  ictimai-kütləvi tədbirlər də həyata keçirilirdi

 

Sonrakı dövrlərdə kitabxananın təcrübəsi göstərdi ki, oxucularla əlaqəni möhkəmlətmək və kitabın təbliğini daha da yaxşılaşdırmaq üçün yeni iş üsullarından istifadə etmək lazımdır. Səyyar iş çərşivəsindən kənara çıxmaq, yeni abonement və qiraət salonu açmaq vaxtı çatmışdı. Bu, əhalinin əksər hissəsini mütaliəyə cəlb etməyə, onların kitaba olan ehtiyacını ödəməyə imkan yaradardı.

 

1950 - ci ildə kitabxanada yalnız qadınlara məxsus abonement və lektoriya təşkil edilir. Kitabxananın nəzdində uşaq otağı da yaradılmışdı. Analar kitabxanada məşğul olduqları müddətdə burada onların uşaqlarına qayğı göstətilirdi.

 

Azəri qadınları arasında savadsızlığı ləğv etmək işində kitabxana fondunun kollektivi təqdirəlayiq işlər görmüşdür. Həmin məqsədlə burada “Oxuyan qadınlar”  adlı dərnək yaradılmışdı. Dərnəyin fəal üzvləri evlərdə , məktəb və klublarda kitabı təbliğ edib yayırdılar. Dərnəyin buraxdığı divar qəzetində yeni kitablar haqqında məlumat verilir, yaxşı kitabın insanın həyatına böyük təsiri barədə məqalələr dərc olunurdu.

 

Respublikamızda “açıq rəf ” üsulu ilk dəfə 1959- cu ildə M.Qorki adına MSKF- də tətbiq edilmışdir.

 

1961-ci ildə respublikamızın kitabxanaları arasında  ilk dəfə Mədəniyyət Universiteti M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda yaradılmışdır. Bu işdə yazıçı və şairlərdən  Adil Babayev, Xəlil Rza , Əkrəm Cəfər, teatr tənqidçisi Cabir Səfərov, sənətşünas İnqilab Kərimov, səhnə ustalarından Atamoğlan Rzayev, bəstəkarlardan Şəfiqə Axundova və başqaları yaxından köməklik göstərmişlər. Bu universitetin məqsədi müəyyən ixtisas və peşə vermək deyil, dinləyiciləri daha çox maraqlandıran bir elm haqqında sistemli bilik vermək olmuşdur.

 

A.Qurbanov, A.Rzayev, S.Hacıyeva, İ.Qafqazlı, İ.Dağıstanlı, L.Bədirbəyli, H.Salayev, F.Şərifova, Ə.Kərim, N.Həsənzadə, R.Zəbioğlu, M.İbrahim, Ş.Ələkbərova, H.Əliyev, Ə.Bədəlbəyli, R.Əfqanlı və bir cox dəyərli sənətkarlarımız M.Qorki adına MSKF-də fəaliyyət göstərən Mədəniyyət Universitetində təşkil olunan mühazirə və konsertlərin, ədəbi-bədii gecələrin daimi iştirakçıları olmuşlar.

 

1977-1991-ci illərdə kitabxana Azərbaycan sərhəd dairəsini kitablarla təmin etmişdir. Bunun üçün MSKF xüsusi briqadalar şəklində məruzəçilər toplamış, həmin dairədə konsertlər,  mühazirələr təşkil etmışdir.

 

Bu gün M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət ocaqlarından biridir. Kitabxana həmişə öz işini respublikanın ictimai-siyasi həyatı ilə əlaqəli şəkildə qurmağa çalışır.

 

Kitabxananın fəaliyyətinin hərtərəfli inkişafı kitab fondunın, eləcə də oxucuların sayının müntəzəm sürətdə artması ilə xarakterizə olunur.

 

Hazırda kitabxanada 6 şöbə fəaliyyət göstərir, kitab fondu 200 min  nüsxəyə yaxındır.

 

Kitabxana üzrə illik kitab verilişi 323843 nüsxə, oxucuların sayı 16 mindir.Kitabxananın  fondunda  Azərbaycan dilində 82892 nüsxə ədəbiyyat vardır. 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş ədəbiyyatdan 422 adda 17470 nüsxə kitab kitabxanaya hədiyyə edilmişdir.

 

Hal-hazırda kitabxana 17 adda dövri nəşrlərə abunə olmuşdur. Bunlar 8 adda jurnal, 9 adda qəzetdən ibarətdir.

 

Kitabxana fondunda keçirilən kütləvi tədbirlər, sərgilər, mühazirələr, ekskursiyalar, yazıçılarla, elm, mədəniyyət və incəsənət xadimləri ilə təşkil edilən görüşlər ədəbiyyatın təbliğ edilməsində mühüm rol oynayır. Tanınmış şair və yazıçılarla keçirilən görüşlər oxucuların yaddaşından  uzun müddət silinmir.

 

2009-cu ildən avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqun tərtibindən başlanmışdır və davamlı şəkildə  milli ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir. Bu işin həyata keçirilməsi üçün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxana lazım olan texniki  avadanlıq və inventarla təmin olunmuşdur.

 

Bakı şəhər  Mədəniyyət və Turizm İdarəsinin 2008-ci ildə müxtəlif nominasiyalar üzrə kecirdiyi müsabiqədə M.Qorki adına MSKF Bakı şəhər kitabxanaları içərisində  ən fəal kitabxana, işindəki fəaliyyətinə görə kitabxananın əməkdaşı R.Əliyeva isə ən yaxşı mədəni-maarif işçisi kimi  diplomlara layiq görülmüşlər.

 

Bu gün kitabxanalara dövlət tərəfindən göstərilən diqqət və qayğı kitabxananın kollektivini  daha məsuliyyətlə çalışmağa və yeni nailiyyətlər əldə etməyə ruhlandırır.

 

Kitabxananın öz işində  qazanacağı uğurlar kompyuterin imkanlarından, internet texnologiyasından, avtomatlaşdırmadan nə səviyyədə istifadə edilməsindən  çox asılıdır.

 

Kitabxana fondunun keçmiş ənənələri bu gün də davam etdirilir.  

 

 

© Copyright 2009. Sayt Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır: http://anl.az